Həmid Nitqi
Həmid Nitqi (2 sentyabr 1920, Təbriz – 16 iyul 1999, Birləşmiş Krallıq) — azərbaycanlı professor, hüquqşünas, pedaqoq, şair, dilçi və ədəbiyyatşünas alim. İranda müasir ictimaiyyətlə əlaqələr elminin banisi
== Həyatı ==
Həmid Nitqi 1920-ci ildə İranda Təbrizin məşhur Surxab məhəlləsində anadan olub. İlk təhsilini mədrəsəsi səviyyəsində bilik verən məhəllə məktəbində almışdır. Daha sonra ibtidai təhsilini İranda ilk dünyəvi təhsil sistemini yaratmış məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin Təbrizdə açdığı məktəbdə almışdı. Həmin məktəbdə müəllim olan şair Həbib Sahirin Həmid Nitqinin gələcək həyatında böyük rolu olmuşdur. 15 yaşlı Həmidin ilk şeirinin "Şahin"qəzetində çap olunmasına kömək etmişdir. Liseyi bitirən Həmid Nitqi Tehranda hüquq təhsili alıb. 1943-cü ildə İran hökuməti 100-ə yaxın gənci Türkiyəyə oxumağa göndərir. Onların sırasında Tehran Universitetinin hüquq fakültəsinin məzunu Həmid Nitqidə vardı. O, universiteti bitirib doktorantlığı müdafiə etdikdən sonra İrana qayıdır.